Atamı böyüdən kinolar

October 25th, 20118:00 pm @

0


Atamı böyüdən kinolar

Mediaforum   \     5 – XI – 2009

Cəmiyyət

Atamı böyüdən kinolar

Atam da, əmilərim də bu filmlərə baxa-baxa böyüyüblər. Yaşlı həmkarlarım da belədir. Söz-sözü çəkəndə bu filmlərdən söhbət açır, onun yaşantılarından söhbət salırlar. Bu filmlərə kədər və sevinc yaşı axıdıblar. Bu filmlərin qəhrəmanlarına bənzəmək istəyiblər. Bu filmlərin mahnıları dillərdə əzbər olub. Ən azı ötən əsrin 90-cı illərinədək… Mən dünyaya gələn vaxtlaradək… Hind filmlərindən danışıram.

Həmkarlarımdan biri xatırlayır ki, ötən əsrin 88-89-cu illərində adamları mitinq dalğasından yayındırmaq üçün televiziya gündə neçə yol bir-birindən gözəl hind filmi göstərirmiş. Yəni hökumət camaatı küçə və meydanlardan yığmağın yolunu onun zəif damarından tutmaqda görürmüş.

Mənə maraqlı gəlir bu söhbətlər. Ona görə qərara gəldim ki, hind filmləri dolu keçmişə səyahət edim. Bu işdə yardımçılarım hind filmlərinə baxa-baxa böyümüş nəslin təmsilçiləridir. Onlardan soruşuram: Hind filmlərini necə xatırlayırsınız? Ən çox xoşladığınız hind filmi hansı olub? Hind filmlərinə indi də baxırsınızmı?

Ülkər BƏKİRLİ

***

Akif Əli, yazıçı-publisist: “Sanqam” filminə baxmaq üçün düz səkkiz dəfə dərsdən qaçmışdıq”

- Mən Yasamal rayonundakı 16 nömrəli məktəbdə oxumuşam. Hind filmlərinə hədsiz marağım 8-9-cu siniflərdə oxuduğum illərə təsadüf edib. Yəni qanın qaynayan çağında, emosional vaxtlarda hind filmlərindəki gözəl rəqs, əyləncə, musiqi, romantika bizi çox çəkirdi. Heç yadımdan çıxmaz, bütün siniflə qaçıb hind kinosuna baxmağa getmişdik. Bəlkə də bu, dərsdən qaçmağa bir bəhanəydi, nə bilim…

İndi yadıma düşəndə özüm də o marağa heyrətlənirəm. “Sanqam” filminə baxmaq üçün düz səkkiz dəfə dərsdən qaçmışdıq. Məşhur film idi. İki dostun bir qıza məhəbbətindən bəhs edirdi. Baş rolda Rac Kapur oynayırdı. Hamı bu filmdən danışırdı. Hər dəfə səhəri gün dərsə gələndə müəllim sıraya düzürdü ki, hara getmisiz bütün siniflə.

Çılğın gənclik dövrümüzün xatirələri içində hind filmləri özünəməxsus yer tutur. Heç yadımdan çıxmaz… “Avara” və “Cənab 420” də çox yaxşı filmlər idi.

Böyüyəndə başa düşdüm ki, həmin filmlər artıq o hissləri məndə yaratmır. O filmlər məhz elə həmin yaş dövrlərində böyük maraq doğurur. Çünki nə intellektual, nə də fəlsəfi baxımdan dərin bir məna kəsb edir. İndi, demək olar, hind filmlərinə baxmıram.

***

Mehriban Vəzir, yazıçı-publisist: “Dalbadal düz üç seansa girdik”

- Bizim gəncliyimizdə hind kinosuna getmək dəb halını almışdı. Məktəbdə, evdə yığışıb hind filmi izləməyə getmək bir ənənəydi. Lakin sonradan elə bir gənclik dövrü yaşadıq ki, hind filmlərinə yuxarıdan baxmağa başladıq. Artıq hind filmlərinin ssenarilərinə ironiya ilə yanaşdıq və tezliklə hind filmləri bizim üçün cizgi film səviyyəsinə düşdü.

İllər keçib, amma gözüm hind filminə sataşanda məndə qəribə hisslər yaranır. Sanki köhnə tanışımı görürəm. O vaxt keçirdiyim hisslər, xatirələr yada düşür. Yaşadığımız keçmişdir…

Xalam Tərtər rayonunda yaşayırdı. Çox kinosevər olduğu üçün hər dəfə Bakıya gələndə məni də yanına salıb hind filminə baxmağa aparırdı. Dərsdən gəldim, getdik kinoya. Elə oldu ki, dalbadal düz üç seansa girdik. Bəzi yerlərində yuxulamışam, ya yatmışam, yadıma gəlmir. Amma evə gec gəldik çatdıq və evdəkilər elə qiyamət qopardılar ki, peşman olduq…

***

Babək Bəkir, jurnalist: “İndi də klassik hind filmlərinə baxıram”

- Hind filmlərində məsələ, problem çox aydın qoyulur. Xeyir və şərin kim olduğu aydın şəkildə bilinir və bir qayda olaraq xeyir şərə qalib gəlir. Bu, insan arzularının filmdə əks olunmasıdır. O vaxt hind filmlərini cəlbedici edən məhz elə bu idi.

Mən kənddə böyümüşəm. Kənddə hər gün kinoya getmək mümkün deyildi. Amma çalışırdıq ki, həftədə bir dəfə hind kinosuna baxmağa gedək. Həm də bizim üçün seçim imkanı da yox idi. Klublarda əsasən Hindistan kinoları verilirdi.

Hind kinolarında olan romantika, maraqlı rəqslər, bizdən fərqli adət-ənənə, sivilizasiya, dəbdəbəli həyat görmək maraqlı gəlirdi. Dəbdəbəli yaşam ilə həyatın dibi arasındakı fərq çox açıq boyalarla təsvir edilirdi və bu bizi özünə ayrı cür cəlb edirdi. Biz o dövrlər zorən Hindistan filmlərinin təsiri altına düşmüş insanlar idik.

Ən sevdiyim “Mənim adım klondur” filmidir. İndi də klassik hind filmlərinə baxıram.

***

Sevinc Osmanqızı, jurnalist: “Aşırı dramın, romantikanın olması məndə xoşagəlməz hisslər yaradırdı”

- Mən o zamanın gənclərindən fərqli olaraq hind filmlərini heç sevmirdim. Aşırı dramın, romantikanın olması məndə xoşagəlməz hisslər yaradırdı. Filmlərdə məni ən çox qıcıqlandıran ifaçıların mahnıları yüksək tonla ifa etməsiydi. Lakin heç şübhəsiz, “Bollivud” bir faktdır. Sonsuz sayda filmlər çəkib. Əgər bu qədər filmlər çəkilirsə, demək onun müştərisi çoxdur. Çox təəssüf ki, mən bu müştərilər sırasında olmamışam.

Uşaqlıqda “Avara” filminə həvəslə baxardım amma. Bu film məndə çox böyük təəssürat oyatmışdı. “Avara” klassikadır. Fikir, fəlsəfə baxımından bu filmə baxmağa dəyər. Sırf məhəbbət, səs-küylü rəqslər mənim zövq dairəmdən kənarda olduğu üçün hind kinolarına marağım yoxdur.

***

Sərdar Cəlaloğlu, siyasətçi: “Bir oğlan “Sanqam” filminə baxandan sonra “özümü öldürəcəm” deyib uşaq kimi ağlayırdı”

- Bu filmləri sentimentallıqla xatırlayıram. Yadıma gəlir ki, biz orta məktəbdə oxuyanda bir oğlan “Sanqam” filminə baxandan sonra “özümü öldürəcəm” deyib uşaq kimi ağlayırdı. Eh… Yəqin bu filmə baxıb qanı coşmuşdu.

O vaxtın gənclərinin hind kinolarını sevməsinə səbəb filmlərdə çox sadə, kasıb insanların həyatının təsvir edilməsiydi. O filmlər həmin acınacaqlı həyatın içindəki insanların öz səadətini tapması ümidini aşılayırdı. Hər kəs filmdən özünə aid bir şey tapırdı. Digər tərəfdən, hindlilərin geyimi, yaşam şəraiti bizim üçün tamamilə fərqliydi. Yəni ruslarla, avropalılarla məişətimiz, geyim-kecimimiz təxmini eyni olduğu üçün hindlilərin bəzək-düzəkli yaşam şəraiti sanki bizi nağıllar aləminə səyahətə aparırdı.

Hind filmlərində aktrisa və aktyorların seçimi də çox uğurlu alınırdı. Yadımdadır ki, Azərbaycanda hind artistlərinin şəkilləri qədər satılan ikinci bir şey yox idi. Hətta ağ-qara fotonun ardınca qəribə, bir az rəngli fotolar çıxmışdı. Hind artistlərinin həmin şəkilləri o dövrdə qeyri-adi dərəcədə populyar idi.

Lakin bir az böyüyüb, dünyagörüşüm formalaşdıqdan sonra hind filmlərinə marağım öldü. Açığı, Hindistan dövləti, xalqı, etnoqrafiyası haqqında informasiyamın genişlənməyi məndə bu filmlərə olan marağı öldürdü. Görünür, hind kinoları bizim uşaqlıq, yeniyetmə düşüncələrimizə daha yaxındır. Romantika və irreallıqlar üzərində qurulmuş hind filmləri insanda sentimental hisslərdən savayı bir şey oyatmır.

Bir də hind kinolarında çox maraqlı bir nüans – cinayət və cəza məsələsi var. Elə bir film yoxdur ki, orada məhkəmə səhnəsi olmasın. Baş qəhrəman ya hüquqşünas, ya hakim, ya da vəkil olur ki, klassik “Avara”nın özündə də biz bunun şahidiyik. Bu barədə düşünəndə mən belə qənaətə gəlirəm ki, hind kinoları ədalət axtarışının məhsuludur. Bu filmlərin əsas qayəsi ədalətin axtarışı, ədalət uğrunda mübarizə və onun tapılmasıdır.

Ən xoşladığım hind filmi “Daş üzərində poema” nümayiş olunanda mən 10-cu sinifdə oxuyurdum. Heç yadımdan çıxmaz, mən filmə ardıcıl olaraq düz on dəfə baxdım. Həyatını, hisslərini heykəllərlə təsvir edən memarın həyatının maraqlı nüansları və filmin pozitiv bitməsi mənim çox xoşuma gəlmişdi. Bundan əlavə, “Daş və çiçək” və “Toz içində çiçək” filmləri də mənə çox təsir eləmişdi.

Amma artıq baxa bilmirəm hind kinolarına, hövsələm çatmır. Görünür yaşla, əsəblə əlaqədardır – romantikadan və sentimentallıqdan uzaqlaşmışam.

***

Məlahət İbrahimqızı, deputat: “Gənclərin kompüteri, televizoru, cib telefonu da elə o kinolar idi”

- Uşaqlıqda evimizdə çox ciddi qayda-qanun var idi, atam bizi digər yaşıdlarımız kimi kinoya getməyə qoymurdu. Getdiyimiz yer məktəb və kitabxana idi. Gənclər hind kinosuna baxmağa gedirdilər və qayıdıb çox maraqla danışırdılar.

O vaxtkı maraq da çox normal idi. Çünki gənclərin əyləncəsi kinoya getmək, hind kinosuna baxmaq idi. Gənclərin kompüteri, televizoru, cib telefonu da, elə o kinolar idi.

***

Əli Çərkəzoğlu, jurnalist (“Zaman.az” saytındakı yazısından): “O filmlər bizi uyuşdurucu kimi rahatladırdı”

- …Ən çox da Rac Kapurun filmlərindən duyğulanırdıq. “Sanqam”, “Cənab 420”, “Kəşmirdə məhəbbət”, “Avara”, “Daş və çiçək”, “Daş üzərində poema”, “Toz içində çiçək”… Hamısı bir-birindən sentimental, havalı filmlər idi. Gecə klubdan çıxıb evə gələndə o filmlərin ağırlığı altında sərxoş kimi yeriyirdik. Kinoya baxa-baxa adamlar elə ağlaşırdılar ki, sanki yas yerinə gəliblər.

O, bizim taleyimiz idi, bizim gəncliyimizin ən sevimli və duyğulu əyləncəsi idi. İndiki uşaqlar bizi sentimentallıqda ittiham edirlər. Bir tərəfdən onlara haqq qazandırıram, amma onların da nə qədər qüsurlu olduğunu görə bilirəm.

***

Hind filmləri indi

“Hazırda Azərbaycanda hind filmlərini göstərmək hüququ yalnız “Space” telekanalına məxsusdur”. Bunu “Media forum”a televiziyanın icraçı direktoru Kamil Şahverdiyev deyir. Onun sözlərinə görə, kanalın yayımladığı filmlərin hamısı lisenziyalıdır. İcraçı direktor indi də hind filmlərinə marağın yüksək olduğunu söyləyir: “Biz əvvəllər yalnız şənbə günləri hind filmi verirdiksə. Tamaşaçıların çoxsaylı xahişilə bazar günlərinə də hind filmi daxil eləmişik. Şənbə günləri orta və yaşlı nəsil üçün yalnız klassik hind filmlərini yayımlayırdıq. Gənclərin istəyini nəzərə alaraq bazar günü müasir hind filmlərini yayımlayırıq”.

K.Şahverdiyevin sözlərinə görə, Hindistanda ildə 1000-ə yaxın film çəkilir: “Bütün dünyada artıq hind kinosu anlayışı formalaşıb. Əsas süjetini həyati hadisələr təşkil etdiyi üçün hind filmləri xüsusi maraqla qarşılanır. Hind kino xadimləri bu yolu çox uğurlu hesab edirlər. Rusiyanın özündə 24 saat ərzində ancaq Hindistan filmləri yayımlayan kanal belə var. Bu, həmin filmlərə dünyada böyük marağın olmasının göstəricisidir”.

İşarələr: