Amfibiya adam

October 27th, 20118:57 pm @

0


Amfibiya adam

Amfibiya-adam

          İkinci Dünya müharibəsindən sonra doğulan, xüsusən əllinci-atmışıncı illər nəslinin  uşaqlıq illəri əvvəlkilərə nisbətən daha maraqlı və zəngin keçirdi. Sülh içində yaşayan dinc, əmin-arxayın dünya (hər halda  görüntülənən dünya belə idi), dolğun hisslər, duyğular, sabaha inamlı düşüncələrlə zəngin firavan həyat yaşanırdı. Adamlar bu fani dünyada qırmızı illüziyalar içində bol təəssüratlarla, xatirələrlə yaddaşlarda qalan sakit ömür yolu keçirdilər… Həmin nəslin nümayəndələri özlərindən əvvəlki “bolşevizm isteriyasının” iddialı və hikkəli yetirmələrindən də, çağdaş “demokratizm bazarının” tam fərqli informasiyalı intellektual-elektron nəslindən də məhz özünün mənəvi-əxlaqi dəyərlərə və mental xüsusiyyətlərə, elmə, təhsilə, mədəniyyətə üstün münasibəti ilə seçilirdi…

Bu gün oxuculara təqdim etdiyimiz materialda ötən illərin nostalji duyğuları əksini tapsa da, həyata, cəmiyyətə, sənətə, sənətkara fərqli münasibət baxımından müəyyən örnək timsalı ola bilər.

***

…Beləliklə, necə deyərlər, əvvəlcə yazıçı Aleksandr Belyayevin suda-quruda yaşayan adam haqqında elmi-fantastik romanı vardı. Ancaq bu ədəbi əsər nə qədər maraqlı olsa da, təbii, kino əsəri  qədər geniş yayılmamışdı.

“…Uzaq bir cənub şəhərində xeyli vaxtdır şayiələr dolaşırdı: dənizdə “İblis” var.  Vaxtaşırı dənizin üstünə qalxan, qayalıqlarda boy göstərən və sonra da sulara baş vurub gözdən itən, bədəni parlaq  gümüşü pulcuqlarla örtülü bu qəribə məxluqu adamlar tez-tez görür, vahiməyə düşürdülər.

            Bütün günü öz balıqçı gəmisi ilə dənizdən mərcan çıxarıb satmaqla məşğul olan sərt və qətiyyətli Don Pedro isə bu söz-söhbətlərə əhəmiyyət vermir, daha doğrusu – inanmırdı. Ancaq günlərin bir günü şəxsən o özü “İblislə” üzbə-üz gəlməli oldu. Dənizdə batan sevgilisi Quttieranı  xilas edərək dənizin dib

indən çıxarıb ehmallıca qayığa qoyan “Dəniz iblisi” bədheybət əlini ehmalca qızın yanağına çəkərək qeyb olur. Don Pedro qorxudan əsir,  heyrətdən gözləri bərəlir.  

Bəs bu “İblis” kimdir, nədir? Məlum olur ki, bu qorxunc məxluq əslində uşaq vaxtı ağır xəstələnmiş, ata

sıdoktor Salvator tərəfindən ciyərləri akulanın qəlsəmələri ilə

 dəyişdirilmiş çox yaraşıqlı bir gəncdir. Və o indi həm quruda, həm də suda nəfəs ala bilir… Yalnız bu həqiqət açılandan sonra biznesmen Don Pedro belə “ağıllı iblisi” tora salıb öz məqsədinə tabe etdirmək, dənizə mərcan ovuna göndərmək xəyalına düşür.

Hadisələr inkişaf etdikcə ilk dəfə dənizin dibində gördüyü gözəl Quttieranı unuda bilməyən “Dəniz iblisi” – yaraşıqlı İxtiandrla qızın nişanlısı işbaz Don Pedro arasında münasibətlər gərginləşir… İxtiandr atasının bütün xəbərdarlıqlarına baxmayaraq heç nədən çəkinməyərək sahilə çıxır, şəhərə, Quttieranı axtarmağa gedir… və təqiblərə məruz qalır.

Okeanda balıqlar arasında dinc, sakit həyat keçirən İxtiandr adamların arasına çıxan kimi problemlərlə üzləşir, əzab-əziyyətlərə, zorakılıqlara, haqsızlıqlara düçar olur. İnsan cəmiyyəti  saf, təmiz məxluqu məhv edir. İblis-adamlar sadəlövh dəniz “İblisinə” qalib gəlib onu öz aralarından qovur, birdəfəlik sulara qərq edirlər…”

Bəli, uzaq 60-70-ci illərin yaddaş axarında var olan, yaşayan, zaman məsafəsini bir göz qırpımında adlayıb bu günümüzə qayıda bilən və dövrünün bir çox bədii əsərlərindən fərqli olaraq  yenə də qəbul olunan mədəniyyət nümunələri arasında sevimli “Amfibiya-adam” filmi xüsusi yer tutur.

Çağdaş Amerika, Avropa, Türkiyə, Yaponiya texnologiyaları ilə ayaqlaşa bilməsə də, oxşar postsovet ölkələrinin milli internet məkanlarından öz zənginliyi və genişliyi ilə xeyli fərqlənən Rusiyanın, Ukraynanın internet dünyasına səyahət zamanı öyrəndik ki, bu məşhur filmin bu il 45 yaşı tamam olur.

***

…1960-larda A.Belyayevin fantastik romanının ekran versiyasını yaratmaq qərarına gələn “Lenfilm” kinostudiyası yaradıcı qrup formalaşdırıb filmi istehsalata buraxır. Bir il sonra çəkilişləri başa çatmış, montajı tamamlanmış bu romantik dram əsəri ekrana çıxdığı gündən etibarən keçmiş SSRİ kinoprokatının liderinə çevrilir. Qeyd edək ki, yüz milyonlarla sovet tamaşaçısı arasında Azərbaycan xalqının, xüsusən Bakı tamaşaçılarının da bu filmə  xüsusi marağı vardı. Və bu maraq səbəbsiz deyildi…

***

“Amfibiya-adam” filmi haqqında qısa məlumat: 

“Lenfilm” kinostudiyasının istehsalı, 1961-ci il, rəngli, 97 dəqiqə. Rejissorlar – Gennadi Kazanski və Vladimir Çebotaryov, ssenari müəllifləri – Akiba Qolburq və Aleksey Kapler, operator – Eduard Rozovski, rəssamlar – Vsevolod Ulitko və Tamara Vasilkovskaya, bəstəkar – Andrey Petrov.

Rollarda: Vladimir Korenev (İxtiandr), Anastasiya Vertinskaya (Quttiera), Mixail Kozakov (Don Pedro), Nikolay Simonov (Doktor Salvator), Vladlen Davıdov (Reportyor Olsen), Anatoli Smiranin (Quttieranın atası) və b.

***

Artıq dediyimiz kimi, “Amfibiya-adam” ekranlara çıxan kimi dərhal milyonların qəlbini fəth etdi. Böyük, geniş ölkənin ən ucqar rayonlarında belə hər kəsin dəfələrlə baxdığı və baxmaqdan doymadığı bu ekran əsəri sovet kino tarixində ən çox “kassa toplayan” (yəni ən çox bileti satılan, baxılan) filmlərdən oldu. O vaxtkı Mədəniyyət naziri deyərmiş ki, bu film Maliyyə nazirliyinə bizim hədiyyəmizdir. Virtuoz rejissor işi, dövrünə görə iri miqyaslı və unikal sualtı çəkilişlər, əsrarəngiz dəniz peyzajları, həyəcanlı musiqi parçaları, gözəl zövqlü, estetik baxımlı rəssam işi, yüksək səviyyəli aktyor ansamblı – bütün bu yaradıcılıq potensialı kompleks olaraq filmin uğurunu təmin edən, onu ən yaxşı filmlər sırasına çıxaran, sovet və xarici kino festivallarında rejissor işinə, çəkiliş texnikasına, aktyor oyununa görə mükafatlar qazandıran əsas amillərdən idi.

Gənc aktyorlar Vladimir Korenev – İxtiandr və Anastasiya Vertinskaya – Quttiera bir neçə nəsil  tamaşaçı kütləsinin əsil kumirinə çevrildilər. Hətta “Həftəlik – Rus internet qəzeti”nin məlumatına görə çox sonralar (2003-də) “Rossiya” telekanalı 200-250 min dollar xərcləyib Yaltada başqa bir rejissorun (A.Atanesyan) quruluşunda və başqa aktyorların ifasında (S.Daşşuk-Niqmatulin və Y.Samoylenko) həmin roman üzrə dörd seriyalı yeni bir telefilm çəksə də, tamaşaçılar 45 il bundan öncə lentə alınmış köhnə “Amfibiya-adam”a və V.Korenevlə A.Vertinskayaya olan sevgilərini dəyişmədilər,  müasir bahalı filmə heç baxan da olmadı. Çünki o sənət əsəri yox, kommersiya layihəsi idi…

***

Baş rolun ifaçısı V. Korenevlə müsahibədən:

-Vladimir, siz bu şöhrət dalğasına necə tab gətirirdiniz? Belə “hücumlar” çoxmu çəkdi?

-Təxminən 20 il. Amma mən tez başa düşdüm ki, populyarlıq hələ heç də zirvə demək deyil. Yaradıcı adam üçün professional sənətkarların hörməti və etirafı daha vacibdir. Ona görə də mən teatra üstünlük verdim. Burada hər gün göz qabağında olursan,  gizlənmirsən, ustalığını özün sübut eləyirsən. Axı, kinodan fərqli olaraq teatrda yalnız bir dəfə səhv etmək şansın var.

-Bəs sizcə filmin belə böyük uğuru nəylə bağlı olub?

-O dövr üçün həqiqətən yaxşı film idi. Siyasətdən uzaq, məhəbbət haqqında fantastik kinodur. Əfsanəvi aktyorlar oynayırdı. Romantik Simonov nəyə desən dəyərdi.  Gənc, istedadlı Kozakov parlayırdı. Asya Vertinskaya isə… Allahım, Asya elə balaca idi ki… O hələ məktəbdə oxuyuyrdu onda…  Sonra da ki, həqiqətən gözoxşayan çəkilişlər, maraqlı epizodlar var filmdə.

Bu film mənim həyatımda çox mühüm rol oynadı. İndi “Amfibiya-adam”da özümə baxıram, sanki köhnə fotoalbomu vərəqləyirəm: adam kövrəlir, biz hamımız necə də gəncik, gözəlik… Çəkilişlər yadıma düşür: əla komandamız var idi. Dəniz, musiqi… Biz Anastasiya ilə düz yarım il Leninqradda hovuzda üzməyi öyrəndik, sonra bizi Krıma çəkilişlərə apardılar. Mənə elastik kostyum hazırlamışdılar, üstünə də əllə bircə-bircə xırda balıq pulcuqları tikmişdilər. Suda çox səhnələri özüm oynayırdım, ən çətin epizodlarda dublyor köməyə gəlirdi. Biz Qara dənizin sahilində çadırlarda yaşayırdıq. Eh… Gözəl günlər idi…

Sevinirəm ki, bu film bizim kinematoqrafın tarixində əbədi qalıb, müxtəlif nəsillər ona baxır, həyəcanlanır, fayda götürür. O vaxt çox yaxşı filmlər çəkilirdi,  amma nəsə bu film uğurlu alındı, rejissor lap “onluğa” vurmuşdu. Camaatı romantik hekayət cəlb edirdi, böyük sevgu, sədaqət, gözəl sualtı çəkilişlər – həqiqətən əlçatmaz fantastik həyat göstərilirdi… O vaxt üçün bütün bu şərtlər təsəlliverici idi.

- İxtiandr hündür qayadan mərcan çantasının dalınca dənizə tullanır, o siz idiniz, yoxsa əvəzedici?

-Əlbəttə mən idim. Üzməyi öyrənmişdim. Su altında ayaq üstə dim-dik gəzirdim. Bilirsiz necə? Sirri açım: botinkalarım və kəmərim ağır qurğuşundan düzəldilmişdi və məni aşmağa qoymurdu, yoxsa dəniz adamı yuxarı qaldırar, ya da kəlləmayallaq dayanarsan…    Amma di gəl o ağır kostyumla sudan çıxa bilmirdim, quruda heç addım ata bilmirdim, dərhal köməyə gəlirdilər. Suyun dibində akvalanqçılar hazır dayanıb mənə nəfəs borusu verirdilər, içimə çoxlu nəfəs alıb çəkilişə başlayırdım, havam qurtaran kimi əllərimi yelləyib borunu istəyirdim, yenə dərin nəfəs alıb hazır olan kimi “motor” komandası verilirdi… Dənizin dibi bilsəniz necə sakitlikdir!  Balıqlar da heç adamlardan qorxmur, yaxına gəlirdilər. Xırda balıq sürüsü adamın üstünə gələndə elə bil gümüşü balıq yağışına düşürdün. Çox qəşəng idi dənizin dibi. Balıqlar həqiqətən xoşbəxtdir! İnda filmə baxıram və düşünürəm ki, hər halda gənclik – gözəllikdir! Amma bu heç də o demək deyil ki mən keçmişlə yaşayıram. Yox, mən bu gün də vacib işlərlə məşğulam: teatrda oynamaq, kinoya çəkilmək, tələbələri öyrətmək, nəvə saxlamaq…

***

…Belə bir həqiqətə inanmaq lazımdır ki, dünyada təsadüfi heç nə yoxdur. Olacaqlar zərurətdir və bütün olaylar  hansısa sirli fövqəl-qüvvə tərəfindən məntiqi ardıcıllıqla qurulur. Dünya düzənində  bütün hadisələr qabaqcadan yerbə-yer edilir. Adamlar isə ancaq nəticəni görür.

Aktyorun taleyi çox qəribə olub. Gələcəyin “amfibiya-adamı” 1940-cı ildə Sevastopolda… dənizçi  ailəsində anadan olub. Atası Şimal donanmasının komandanı, üç hərbi akademiya bitirmiş, bir neçə xarici dil bilən, daim fransız filosoflarının əsərlərini oxuyan, teatral, incəsənət heyranı, kontr-admiral Boris Korenev idi. A.Lunaçarski adına Teatr sənəti institutunu bitirib sonralar çox filmlərə çəkilən Vladimir də yaddaşlarda məhz sevimli atasının davamçısı olaraq “dəniz  adamı” İxtiandr kimi qaldı. Bu təsadüfdürmü?..

“Amfibiya-adam” filmi və İxtiandr rolu V.Korenevə fantastik şöhrət gətirmişdi. Uzun dalğalı saçı, cəlbedici gömgöy gözləri olan bu yaraşıqlı oğlanın üzərinə  tamaşaçı məhəbbəti sel kimi axıb gəlirdi. Aktyor hər ay pərəstişkarlarından on mindən artıq (!) məktub alırdı. Əlbəttə, bu məktubların əksəriyyəti qızların ah-ufları, sevgi etirafları ilə dolu olurdu. İxtiandrın yolunda neçə qadının qəlbi parçalanmış, nə qədər göz yaşları axıdılmışdı! Axı hamının nəzərində Vladimir özü də oynadığı balıq-adama çox oxşayırdı və onun siması bütün xəyallarda yaradılan obrazlarla üst-üstə düşürdü. O özü isə heç kimə tərəf gözünün ucu ilə də baxmır, tək bircə nəfəri sevirdi –  gələcək həyat yoldaşı, bir kursda oxuduqları aktrisa Alevtina Konstantinovanı…

Şöhrət dalğasının bütün başgicəlləndirici hücumlarına baxmayaraq, təcrübəli dənizçi zabit olan kontr-admiralın da zabitəsi və ciddi məsləhətləri sayəsində hər halda gənc Vladimir ulduz yağışına tab gətirir. Özünü itirməyib həyatda yerini tapır. Nə onun boynuna sarılan qızlar, nə özlərini ona oxşatmağa çalışan ağ şalvarlı, uzunsaç oğlanlar, nə tanımadığı pərəstişkarların küçədəcə alovlu sevgi izharları, eşq-məhəbbət dolu məktublar, telefon zəngləri, görüş dəvətləri, hətta evlənmək təklifləri Vladimiri yolundan sapdıra bilmir.

Bu gün artıq K.Stanislavski teatrının aparıcı şəxslərindən olan Vladimir Borisoviç Korenev Rusiya Federasiyasının xalq artisti,  Moskva Humanitar Təhsil institutunda Teatr fakultəsinin rəhbəri, professordur.

*** 

V. Korenevlə müsahibədən: 

 

 

            -Siz sovet gənclərinin kumiri olmusunuz. Deyirlər filmdən sonra fotoşəklinizi əldə etmək üçün hətta Leninqradda qəzet köşkünü də aşırıb dağıdıblar…

-Olub elə şeylər. Ən əsası mən özüm sınmamışam. Hərçənd bu qədər şan-şöhrət istənilən adamı  məhv edə bilərdi. Axı aktyorları adətən pərəstişkarları yoldan çıxarır, korlayır. Məsələn, tənha, pozğun həyat sürə bilərdim, içkiyə qurşanardım. O vaxt hamı mənə qonaqlıq vermək istəyirdi, hamı öz tədbirinə çağırırdı, mənim hesabıma özünə bayram düzəltmək istəyirdi… Və bu bayramlar illər uzunu davam edirdi…

-İxtiandr obrazı sizə yaxın idimi?

-Mən gənc idim, təmiz, sadəlövh bir oğlan idim. Həyata başqa cür baxırdım. İnsanlara,  vicdana, məhəbbətə inanırdım… Lap İxtiandr kimi.

-Siz yenə o cür romantiksiniz?

-Mən hesab edirəm ki, həyatda rahat yaşamağın yeganə yolu – bacardıqca yaxşılıq etməkdir. Sən  balığı at dəryaya…

-Yaşınıza görə çox yaxşı görünürsünüz (xatırladaq ki, indi onun 66 yaşı var – A.)

-Təbiətin işidir.  Mən bunun üçün xüsusi heç nə etməmişəm. Mən sadəcə 20 ildir sutkada cəmi 4 saat yatıb dururam. Vəssalam.

-Bəs yuxusuzluğa necə dözürsünüz, səhərəcən vaxtınızı necə keçirirsiniz?

-Kitab oxuyuram. Mənim böyük kitabxanam var. Puşkini çox sevirəm.  Açığı, vaxtımı yuxuya sərf etməyə heyfim gəlir. Həkimlər dedi, yatmayanda özünü necə hiss edirsən? Dedim əla. Dedilər onda yaşa, necə yaşayırsan… Mən də yaşayıram hələ ki!

-Əgər yenidən yaşamağa başlasaydınız…

-Elə belə də yaşayardım. Mən ömrüm boyu elə bir səfeh iş görməmişəm ki, indi xəcalət çəkəm, heyfsilənəm və təzədən yaşamaq istəyəm. Məncə insan üçün əsas – onun işi-peşəsi  deyil. Mən məsələn, heç aktyor olmaya da bilərdim. Amma mənim üçün bir şəxs kimi daha mühüm məqamlar, daha əziz şeylər var ki, həyatım boyu onları qorumağı  vacib bilmişəm.

-Sirr deyilsə, nələri?

-Ailəmi, uşaqlarımı, dostlarımı, qadınları, təbiəti, ədəbiyyatı… Əsas odur ki, həyatda ləyaqətlə yaşayasan. Məşhur olmaq önəmli deyil. Məsələn Puşkin məgər yalnız şer yazmaq üçün doğulmuşdu? O yaşamağa gəlmişdi və ləyaqətlə yaşadı da…

-Həyat yoldaşınız Alevtina Konstantinova aktrisa kimi özünü göstərə bildimi?

-Yox, sənəti ailəyə qurban verdi, özünü mənə həsr elədi. O çox istedadlı qadındır.

***

… Həyat yoldaşı Alla ilə Volodya çox erkən evləniblər. Aralarında tələbəlik illərindən  sevgi varmış, ancaq Vladimirin başı teatra, kinoya qarışdığından qıza ciddi təklif etmirmiş. Günlərin bir günü Alla onunla açıq danışıb və kəsə deyib: “Volod, ya sabah ZAQSa gedirik, ya da biz  birdəfəlik səninlə ayrılırıq, aramızda hər şey qurtarır!” Volodya Allanın qətiyyətini görüb onu həqiqətən itirə biləcəyindən təşvişə düşür… Və dərhal onun qolundan tutub valideynlərindən xəbərsiz ZAQS-a aparır. Hətta Volodyanın nənəsi onların qəflətən evləndiyini eşidib dəhşətə gəlir: “İndi mənim balam ac-susuz, çirk-pasaq içində gəzəcək”-deyir.

Ancaq bu gün Alla ilə V.Korenev artıq düz 43 ildir ki bir yerdədirlər. Çox xoşbəxt  yaşayırlar. İkisi də eyni teatrda işləyir, qızları İrinanı böyüdüb boya-başa çatdırıblar. İndi isə nəvələri Yeqordan ötrü əldən-ayaqdan gedirlər…

***

V. Korenevlə müsahibədən:

-Vladimir, Siz həyatda çox şeylər görmüsünüz, bu günkü gündə nəyə sevinir, nədən narahat olursunuz?

-Mürəkkəb zamanda yaşayırıq. Siyasi, mənəvi mövqelərə yenidən baxılır. Dövran dəyişir, quruluş dəyişir. Ona görə də yaradıcı adamların vəziyyəti çox da həsəd aparılası deyil.   Bütün hakimiyyətlər sənətkarlardan ideoloji “silah” kimi istifadə etməyə çalışıb. Totalitar rejim bunu kobud və primitiv edirdi, amma liberal-demokratik sistemdə bu daha bic şəkildə həyata keçirlir. Hər  halda mahiyyət eynidir. İndi hərə öz yolunu seçir. Kimi mübarizəyə atılır, kimi özünə qapılır… Mən siyasətçi deyiləm, aktyoram, səhnədən, çəkiliş meydançasından, pedaqoji işdən həzz alıram. Tələbələrim var, bildiklərimi onlara öyrədirəm: həyat təcrübəmi, sənətimi, mənəvi-əxlaqi görüşlərimi, ictimai baxışlarımı… Məncə bu gün yaşlı adamlar “Əvvəllər hər şey yaman  yaxşı idi!” – deyəndə bir az cəmiyyətə kələk gəlirlər. Sadəcə olaraq onlar əvvəllər daha cavan, enerjili, gələcəyə ümidli olublar,  indi isə yaş gəlib öz işini görür və bu da onları əsəbiləşdirir… Keçmişi yalandan bəzəməyə nə ehtiyac var?! Gələcəyi real qiymətləndirməyə çalışmaq daha düzgün yoldur. Məsələn, çox şey mənə də xoş gəlmir, amma mən elə yaşamağa çalışıram ki, əməlimdən peşiman olub xəcalət çəkməyim, üzüm qızarmasın… Tələbələrimə də bunu tövsiyyə edirəm…

-Siz ömür boyu bir qadını sevmiş, bir teatrda çalışmısınız…

-Mən sabit adamam, həyatda stabilliyə üstünlük verirəm. Öz ailəmi və teatrımı çox sevirəm. Müxtəlif tamaşalarda böyük ləzzətlə, zövq ala-ala oynayıram. Hərdən filmlərə də dəvət alıram. Amma çox çəkilməyi, xüsusən uzun-uzadı kino ekspedisiyalara getməyi  xoşlamıram. Daha çox evdə, öz kabinetimdə işləməyə, uşaqlarla bir yerdə olmağa üstünlük verirəm. Amma tamaşaçılar yaxın vaxtlarda məni bəzi yeni filmlərdə də görə biləcəklər. Artıq  çəkilişlər bitib…

***

 

 

 

 

 

 

Belə. 45  yaşlı məşhur klassik film haqqında yazımızı yekunlaşdırırıq. Və ömrümüzə gözəllik bəxş etmiş yubilyara bir daha minnətdarlığımızı bildirir, yaşlı sənətkarlara uzun ömür, can sağlığı diləyirik.

O ki qaldı əvvəldə dediyimiz bir fikirə, indi onu açıqlayaq. Demişdik ki, “Amfibiya-adam” Azərbaycan kino sevərləri, xüsusən bakılılar üçün də əziz və əlamətdardır. Yüz milyonlarla tamaşaçı arasında bakılıların bu filmə böyük marağı səbəbsiz deyil…

Xatırladaq: bakılıların bu filmə marağı ona görə xüsusidir və səbəbsiz deyil ki, dünya şöhrətli “Amfibiya-adam” bizim şəhərdə də olub… Bəli, əsasən Krımda işləyən “Lenfilm”in çəkiliş qrupu o vaxt Bakıya da gəlibmiş. Kino rəssamları qədim İçərişəhərin evlərini rəngləmiş, kosmetik bər-bəzək vurmuş, küçələrə əcnəbi dildə reklam şitləri asmış, buranı ekzotik xarici ölkəyə bənzətmişlər. Və İxtiandr səsli-küylü, al-əlvan Bakı gecələrində kafeləri gəzib (bu çəkilişlər o zaman şəhərin mərkəzində məşhur olan “Nərgiz” yay kafesində aparılıb),  Quttieranı axtarıb, sambrerolu, əli dəyənəkli polislərdən qurtulmaq üçün İçərişəhərin dar dalanları, ensiz küçələri, evlərin üstü ilə qaçaraq, cəsarətlə bir damdan o biri dama tullanıb, küçədən keçən su maşınında gizlənib… Təbiidir ki bakılılar hər dəfə bu və digər epizodlarda Amfibiya-adamı doğma şəhərin natural peyzajında görəndə həm həyəcanlanır, həm də fəxr edirlər. Həyəcanlanırlar ona ki, böyük mədəni  hadisələrin iştirakçısı olduqlarını xatırlayırlar. Fəxr edirlər ki, 45 ildir kino tarixinə qızıl hərflərlə yazılmış, milyonlarla tamaşaçının sevimlisinə çevrilmiş, neçə-neçə nəslin  mənəviyyatında, mədəni inkişafında özünəməxsus rol oynamış “Amfibiya-adam” filminin şöhrət çələngində bizim füsunkar şəhərimizin, qeyri-adi dərəcədə gözəl və gün-gündən daha da gözəlləşən Bakımızın da payı vardır…

—————————————

Akif  ƏLİ